UEFA    Millətlər Liqası, eləcə də Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatını dəyişib. Radikal qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.2024-cü ildən tədbiq ediləcək yeniliyə əsasən, Millətlər Liqasında "Dördlər finalı"ndan əvvəl pley-off oyunları keçiriləcək. A divizionunda qrup birinciləri ilə ikinci yeri tutan komandalar 2 görüş keçirəcək. Qaliblər "Dördlər finalı"na vəsiqə əldə edəcək.

Bundan başqa, A divizionunda üçüncü yeri tutanlar B divizionunun ikinciləri, B divizionunda  üçüncü olanlar isə C divizionunun ikinciləri ilə daha aşağı liqaya düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.

Seçmə mərhələlərdə isə qrupların sayı artırılacaq. Ölkələr hərəsində 4 və ya 5 komanda olmaqla 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa və ya dünya çempionatlarına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan yığmalar isə nüfuzlu turnirlərə ya birbaşa, ya da pley-off matçlarından sonra yollanmaq hüququ əldə edəcəklər.

2024-cü ildə keçiriləcək Avropa çempionatında isə komanda sayının artırılmayacağı açıqlanıb.

UEFA Super Kuboku uğrunda oyunun Rusiyanın Kazan şəhərində keçirilməyəcəyi də təsdiqlənib. Builki qarşılaşma Yunanıstanın paytaxtı Afinada olacaq. Görüş avqustun 16-sı "Georgios Karaiskakis" stadionunda təşkil ediləcək.

Xatırladaq ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyada UEFA bayrağı altında hansısa matçın və ya turnirin keçirilməsinə qadağa qoyulub. Həmçinin ölkənin yığmaları və klubları avrokuboklardan kənarlaşdırılıb.