Türkiyə Super Liqasının 18-ci turunda lider "Qalatasaray" səfərdə "Fənərbağça" ilə üz-üzə gəlib.

"Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşmanın ilk dəqiqələrində hər iki tərəf qarşılıqlı hücumlarla yadda qalıb. "Sarı qırmızılar" 15-ci dəqiqədə rəqib qapısına yol tapsalar da VAR-a baxan hakim qolu qeydə almayıb. Hesab 32-ci dəqiqədə açılıb. Serjiu Oliveyra künc zərbəsindən qapı önünə göndərilən topu qüvvətli zərbə ilə qapıya vurub. İlk hissəyə üstün yollanan "cimbom" fasilədən sonra da sürətli hücumlarla yadda qalıb. 78-ci dəqiqədə meydana yeni daxil olan Mauro İkardinin ötürməsindən sonra Kerem Aktürkoğlu fərqi iki topa çatdırıb. Az sonra meydan sahibləri azlıqda qalıb. İrfan Can Kahveci birbaşa qırmızı vərəqə ilə cəzalanıb. Əsas vaxta artırılan 10-cu dəqiqədə argentinalı ulduz futbolçu İkardi qarşılaşmaya nöqtə qoyub. "Fənərbağça" - "Qalatasaray" 0:3. Bu nəticə ilə xallarının sayını 39-a çatdıran "cimbom" zirvədəki mövqeyini möhkəmləndirib. "Fənərbağça" isə 35 xalla ikincidir.