Türkiyə çempionatının 17-ci turunda zirvə uğrunda mübarizə aparan “Qalatasaray” doğma meydanda “Ankaragücü” ilə üz-üzə gəlib.

Görüşdə meydan sahibləri favorit tərəf hesab olunsa da, hesabı qonaqlar açıblar. “Cimbom”un sabiq futbolçusu Talyan Antalyalı baxımlı qolla Ankara azarkeşlərini sevindirib. Lakin “Ankaragücü” futbolçularının sevinci çox çəkməyib. 16-cı dəqiqədə Milot Raşitsanın qapı önünə ötürməsindən sonra Barış Alper Yılmaz başla fərqlənərək bərabərliyi təmin edib. Yarım saatın tamamında isə Dres Mertens və Bafetimbi Qomis ikilisinin oyunu məhsuldar olub. Müdafiəçiləri çaş-baş salan fransalı futbolçu komandasının qələbə qolunun müəllifi olub. Lazımı hesabı sonadək qoruyan “sarı qırmızılar” növbəti 3 xalı aktivinə yazdırıb. Bununla da, Okan Burukun kollektivi “Fənərbağça” ilə zirvə yarışında yenidən irəli keçərək 36 xalla liderliyi ələ keçirib. Əzəli rəqibindən 1 xal geri qalan “Fənərbağça” ikincidir. “Başakşəhər” 30 xalla ilk üçlüyü tamamlayır.