Türkiyə çempionatının 16-cı turunda “Qalatasaray” səfərdə “Sivasspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi görüşə daha üstün başlayıb. Ardıcıl hücumlar 17-ci dəqiqədə nəticə verib. Saşa Boeyin ötürməsindən sonra Dres Mertens hesabı açıb. 4 dəqiqə sonra Bafetimbi Qomis ələ düşən real qol vəziyyətindən istifadə edə bilməyib. Hücumçunun zərbəsini Dimitrios Qutas ustalıqla dəf edib. 51-ci dəqiqədə “Sivasspor” futbolçuları cərimə meydançası önündə yaranan qarışıqlıqdan istifadə edərək topu qapıdan keçirsə də VAR-a baxan hakim qolu qeydə almayıb. Lakin ruhdan düşməyən “qırmızı-bəyazlar” 81-ci dəqiqədə bərabərliyi təmin ediblər. Erdoğan Yeşilyurt komandasını ümidləndirib. İkinci hissəyə artırılan 5-ci dəqiqədə isə Barış Alper Yılmaz qələbə qolunun müəllifi olub: “Sivasspor” – “Qalatasaray” 1:2. Beləliklə, 16 turdan 30 xal toplayan “cimbom” liderliyə yüksəlib. Okan Burukun kollektivi 2022-ci ili zirvədə başa vurub.

İstanbulun digər klubu “Beşiktaş” da cari ili qələbə ilə yekunlaşdırıb. Zirvə yarışında iddialı komandalardan olan “Adana Dəmirspor”la üz-üzə gələn “qara qartal” rəqibini 1 cavabsız qolla məğlub edib. Görüşdə vurulan yeganə qolun müəllifi 14-cü dəqiqədə Artur Masuaku olub.