İndiyə qədər dünya futbolunda çox ulduzlar olub. Amma bu ulduzların heç də hamısı insanların qəlbinə yol tapa bilməyib. Braziliyall Pele isə məhz hər bir insanın rəqbət bəslədiyi bir əfsanədir.
Futbolu sevən, ona pərəstiş edənlərin çoxu məhz Peleyə görə bu idman növünü tanıyıb, maraq göstərməyə başlayıb. Hətta futbolla maraqlanmayanlar belə onun adını həmişə hörmətlə çəkib. Onun karyerasını geniş incələməyə yoxdu. Futbolçu kimi 3 dəfə dünya çempionu olan yeganə oyunçu, FİFA-nın xüsusi komissiyasının rəyinə görə 20-ci əsrin ən yaxşı futbolçusu, Beynəlxalq Olimpiya Komitəsinin versiyasına görə 20-ci əsrin ən yaxşı idmançısı, karyerası ərzində 1289 qol vuran və ən nəhayət futbol kralı adlandırılan bir insan. Əsl adı Edson Arantos Denasimento olan olan braziliyalının Pele təxəllüsü idi. Ölkəsinin bir çox futbolçuları kimi kasıb ailədə doğulan Pele 7 yaşından futbolla məşğul olmağa başlamışdı. Bununla bərabər əlavə gəlir üçün çayxanalarda ofisiant kimi də işləyirdi. Yerli “Brito” klubunun məşqçisi bir müddət sonra Peleni “Santos” klubuna gətirərək onun gələcəkdə dünyanın ən yaxşı futbolçusu olacağını bildirir. 16 yaşında “Santos”da debüt matçında qol vuran Edson 17 yaşında Braziliya millisnə dəvət alır. 1958-ci ildə “sambaçılar”ın dünya çempionluğunda isə əsas pay sahibi olur. Finalda 2 qol vuran Pele həm də tarixə ən gənc dünya çempionu kimi düşür. Sonradan daha iki dəfə mundialın qalibi olan futbolçunu dünyanın ən məşhur klubları transfer etmək istəsə də, Braziliya hökuməti onu ölkənin milli sərvəti elan edərək Pelenin ölkə xaricinə çıxmasının qarşısını ala bilmişdi. Hər halda Pele ölkə xaricinə çıxa bildi. 1976-ci ildə “Santos”da və millidə karyerasını başa vurduqdan sonra o, gözlənilmədən Amerika Birləşmiş Ştatlarının “Nyu York Kosmos” klubu ilə müqavilə bağlayır və həmin vaxt üçün planetin ən ödənişli oyunçusu ünvanını qazanır. Üstəlik onun gəlişindən sonra ölkədə stadionlara gələn azarkeşlərin sayı da iki dəfə artır. 1977-ci ildə isə karyerasını başa vuran Pelenin vida oyunu “Santos”la “Nyu York Kosmos” klubu arasında olmuşdu. O, hər hissəni bir klubun heyətində keçirmişdi. Pelenin uğurunun əsası onun mükəmməl fiziki göstəricilərində və zəhmətkeşliyində idi. Hətta deyilənə görə karyerasının ilk dövrlərində o, 100 metr məsafəni 11 saniyədən də tez qaçırmış. Bundan başqa onu ötürmələrin və driblinqlərin də şahı adlandırırdılar. Məşhurluğuna görə isə Peleyə yəqin ki, heç kim çata bilməzdi. Hətta aparılan sosioloji sorğulara əsasən dünya üzrə hər 100 nəfərdən 95-i onu tanıyırdı. Şəxsi bioqrafiq kitabını yazandan sonra savadı olmayan braziliyalılar belə bu kitabı oxumaq üçün əlifbanı öyrənməyə başlayırdı. Karyerasını bitirəndən sonra isə daha çox ictimai fəaliyyətlə məşğul olan Edson Arantos Denasimento bir ara Braziliyanın idman naziri vəzifəsini də icra etmişdi.
Ulduzların ömrü heç vaxt istədikləri kimi keçmir. Pele də ömrünün qurub çağlarında maliyyə çətinliyi ilə üzləşdiyindən hətta şəxsi kolleksiyasındakı bir çox əşyalarını, formaları, topları, satışa çıxarmağa məcbur qalmışdı. Bir neçə il öncə xərçəng xəstəliyinə tutulan futbol əfsanəsi dəfələrlə xəstəxanaya kritik vəziyyətdə yerləşdirilmiş amma ölümdən dönə bilmişdi. Bu dəfə isə həkimlər də onun həyatını xilas edə bilmədilər. Vəziyyəti kəskinləşən Pele doğmaları ilə vidalaşandan bir neçə gün sonra gözlərini əbədi olaraq yumdu. Bəli Pele artıq həyatda yoxdu. Dünya futbolu kralsızdır. Və bəlkə də heç kim bundan sonra insanların ona verdiyi bu taca sahib çıxa bilməyəcək. Geriyə qalan isə futbol əfsanəsinin möhtəşəm oyunları, qolları və insanların ona olan hədsiz sevgisi və məhəbbətidir. Edson Arantos Denasimento və yaxud olaraq sadəcə Pele!