Basketbol üzrə ölkə çempionatında 11-ci turun açılış matçında “Gəncə” “Sabah”la qarşılaşıb.
“Sərhədçi” İdman Mərkəzində keçirilən liderlərin mübarizəsi kifayət qədər maraqlı alınıb. İlk dövrədə rəqibinə uduzan Gəncə basketbolçuları məğlubiyyətin əvəzini çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. “Sabah” komandası bu dəfə rəqibindən üstün olub. İlk hissəni 24:18 hesabı ilə irəlidə tamamlayan nominal qonaqlar böyük fasiləyə də üstün yollanıblar. 41:38. Sonrakı periodlarda da təşəbbüsü əldən verməyən “Sabah” yekunda 81:73 hesabı ilə qalib gəlib. Qarşılaşmanın ən məhsuldar basketbolçsu Kamran Məmmədov olub. “Sabah”ın üzvü 22 xal və 7 ribaundla fərqlənib. Bu nəticədən sonra xallarının sayını 19-ə çatdıran “Sabah” mövsümdə ilk dəfə birinci pilləyə yüksəlib. İkinci yerdə olan “Gəncə” komandası da eyni xala malikdir. Onlardan 2 xal az toplayan “AAF Xırladan” və NTD 3-cü-4-cü yerləri bölüşür. “Sərhədçi” 16 xalla 5-cidir. Hesabında 12 xal olan “Olimpik Şəki” və “Neftçi” müvafiq olaraq 6-cı və 7-ci pillədə qərarlaşıb. “Zirvə” isə 11 xalla sonuncudur. Qeyd edək ki, 11-ci turun digər oyunları dekabrın 24-ü və 25-də keçiriləcək.