Azərbaycan kubokunda ¼ finala “Neftçi” – “Zirə” oyunu ilə yekun vurulub.
İlk görüşdə rəqibinə minimal hesabla uduzan “Neftçi” futbolçuları, cavab qarşılaşmasına hücümlarla başlayıblar. Artıq 3-cü dəqiqədə meydan sahibləri istəklərinə nail olublar. Yeqor Boqomolski hesabı açıb. Fasilə ərəfəsində qonaqlar 2-ci dəfə topu qapılarında görüblər. Bu dəfə Emin Mahmudov fərqlənib 2:0. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra hər iki tərəfin fərqlənmək üçün bir neçə imkanı olub. 2-ci hissənin sonunda “Zirə” futbolçuları buraxılan toplardan birinin əvəzini çıxıblar. Loris Broqno qapını dəqiq nişan alıb. Beləliklə görüşün əsas vaxtı “Neftçi”nin 2:1 hesablı üstünlüyü ilə bitib. Amma 2 matçın nəticəsinə görə hesab bərabər olduğundan komandalar əlavə yarımsaat oynamalı olublar. Burda isə “Neftçi” futbolçuları istəklərinə nail olublar. Kenni Sayef meydan sahiblərinin 3:1 hesablı qələbə qazandırıb. Qeyd edək ki, “Zirə” futbolçuları penalti vurmaq hüququ əldə etsələr də, bundan yararlana bilməyiblər. Hamidu Keyta fürsəti boşa verib. Qarşılaşmanın sonunda isə “Zirə”nin heyətində Təmkin Xəlilzadə və Hacıağa Hacılı 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılıblar.
Beləliklə 2 görüşün nəticəsinə görə rəqibindən üstün olan “Neftçi” yarımfinala adlayıb. Finala gedən yolda komanda “Turan Tovuz”la qarşılaşacaq. İlk görüş gələn il aprelin 19-da Tovuzda, cavab qarşılaşması isə aprelin 27-də Bakıda olacaq. Xatırladaq ki, digər yarımfinal cütündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək.