Azərbaycan çempionatının 17-ci turunda “Qarabağ” doğma arenada “Qəbələ”ni qəbul edib.
Xatırladaq ki, 5 gün əvvəl rəqiblər bu areanda ölkə kubokun ¼ finalında üz-üzə gəlmişdilər. Həmin görüş 2:2 hesabı ilə bitmişdi. Bu dəfə isə qarşılaşmanın taleyini 1 qol həll edib. 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Ramil Şeydayev “Qarabağ”a minimal hesablı qələbə qazandırıb. Mövsümdə 15-ci dəfə qalib gələn Ağdam klubu liderliyini möhkəmləndirib. Çempionatda cəmi 2 görüşdə heç-heçə edən “Qarabağ” ən yaxın rəqibi “Sabah”la xal fərqini 8-ə yüksəldib. Bununla da, “Qarabağ”ın yeni ilə lider kimi girəcəyi dəqiqləşib. Tarixində 9-cu dəfə qış çempionu olan komanda bu göstəricidə “Neftçi”nin nəticəsini təkrarlayıb. Qeyd edək ki, mövsümdə 7-ci dəfə uduzan “Qəbələ” isə 24 xalla 5-ci pillədədir. Komanda lider “Qarabağ”dan 23 xal geri qalır.