Basketbol üzrə Avroliqada 12-ci tura start verilib. Günün mərkəzi oyununda “Real Madrid”lə “Monako” qarşılaşıb. Ötən tur İstanbulda lider “Fənərbağça”nı məğlub edən hazırkı İspaniya çempionu turnirin sürpriz komandasının müqavimətini qıra bilməyib. İlk hissə “Real”ın üstünlüyü şəraitindəı keçsə də, fasilədən sonra “Monako” təşəbbüsü ələ alıb. Görüşün taleyinə overtaymda aydınlıq gəlib. “Monako”nun lideri Mayk Ceymsin topladığı 28 xal nəticəyə birbaşa təsir göstərib və Knyazlıq klubu “Real”ı 95:94 hesabıyla məğlub edərək ardıcıl 3-cü qələbəsini qazanıb.

“Fənərbağça” isə səfərdə “Alba Berlin”i 104:75 hesabı ilə darmadağın edib. Fasiləyə 19 xal fərqli üstünlüklə yollanan istanbullular ikinci hissədə də meydanda dominantlıq edib. Günün ən maraqla gözlənilən qarşılaşmalarından biri də Belqrad derbisi olub. Avroliqa tarixində ilk dəfə münasibətlərinə aydınlıq gətirən “Partizan”la “Srvena Zvezda” arasındakı oyun gərgin mübarizə şəraitində keçib. Qarşılaşmanın sonuna 2 saniyə qalmış Nemanya Nedoviç dəqiq 3 saylıq atışla “Srvena Zvezda”ya əzəli rəqibi üzərində tarixi qələbə qazandırıb: Partizan – Srvena Zvezda 73:76. “Olimpiya Milano” isə Afinada “Panatinaikos”a overtaymda 77:90 hesabıyla uduzaraq ardıcıl 8-ci məğlubiyyəti ilə üzləşib. Günün digər oyununda “Makkabi Təl-Əviv” doğma azarkeşlər önündə “Valensiya”nı 84:68 hesabıyla məğlub edib.