Qətərdə dünya çempionatının ¼ final mərhələsinə Braziliya – Xorvatiya oyunu ilə start veriləcək.

Qarşılaşmadan öncə hər iki komandanın baş məşqçisi mətbuat konfrası keçirib. Xüsusilə braziliya milli komandasının baş məşqçisi Titenin açıqlamaları diqqət çəkən olub. O, cənubi koreya seçməsi ilə görüşdə qol sevincini futbolçularla birlikdə rəqs etdiyinə görə, ona yönələn tənqidlərə cavab verib. Təcrübəli mütəxəssis Braziliyada rəqsin xüsusi önəmindən və tarixi ənənəsindən danışıb: "Əvvəlcə onu deyim ki, bu mənim komandam deyil. Bu Braziliya milli komandasıdır və mən də onun üzvlərindən biriyəm. Baş məşqçi kimi heyətdəki gənc futbolçularla xüusi bir bağ qurmuşam. Onları mənim nəvələrim də saymaq olar. Əgər hər hansı bir anda mənim onlarla rəqs etməyim lazımdırsa, yenə bunu edəcəm. Buna görə kimdənsə üzr istəmək niyyətində deyiləm. Rəqs və əyləncə Braziliyanın tarixi mədəniyyətinin bir hissəsidir. Braziliyalı futbolçuların qoldan sonra rəqs etməsi rəqibə hörmətsizlik deyil, bu bizim adətlərimizdən biridir. Xorvatiya milisi ilə matça gəldikdə, çox yaxşı komandaya qarşı mübarizə aparacıq. Xüsusuilə rəqibin heyətində Luka Modriç kimi futbolçunun olması bizi daha da diqqətli olmağa sövq edir".

Xorvatiya seçməsinin baş məşqçisi Zlatko Daliç də media nümayəndələrinin önünə çıxıb. O, Braziliya millisini turnirin əsas favoriti saydığını və komandasını böyük imtahanın gözlədiyini bildirib: "Braziliya millisi dünya çempionatının ən yaxşı və ən güclü komandasıdır. Onların oyunlarını izləmək adama zövq verdiyi ki, onlara qarşı oynamaq da insanı sanki bir qədər təlaşa salır. Amma bu heç də bizi qorxutmur. Düşünürəm ki, bu görüş komandam üçün əla bir imtahan olacaq. Düzdü imkanlar yarı-yarıya deyil. Amma biz də autsayder sayılmiriq. Görüşə böyük ümidlərlə çıxıb, Braziliya seçməsi ilə oyundan zövq almağa çalışacıq. Əsas məsələ belə qarşılaşmalarda ələ düşən kiçik bir imkandan yararlanmaqdır".

 Qeyd edək ki, Braziliya millisinin heyətində Qabriel Jesus və Aleks Telles zədəlidir. Aleks Sandronun isə vəziyyəti sual altındadır. Xorvatiya seçməsində isə elə də ciddi itki yoxdu. əlavə edək ki, saat 19-da başlanan Braziliya – Xorvatiya oyununu britaniyalı Maykl Oliverin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.