Milli Basketbol Assosiasiyasında müntəzəm çempionatın oyunları davam edir.

Son 3 görüşdə qalib gələn “Los Anceles Leykers” səfərdə “Klivlend Kavalyers”in qonağı olub. İlk bölüm bərabər mübarizə şəraitində keçsə də, fasiləyə qədər qonaqlar təzyiqi artırıb. İkinci hissənin əvvəlində “Leykers” meydanda inamlı təsir bağışlayıb. Amma son 12 dəqiqəlik hissədə təşəbbüsü ələ alan “Klivlend” meydanı qələbə ilə tərk edib.  Xüsusən də “Kavalyers”in müdafiəçisi Donovan Mitçell qələbədə böyük pay sahibi olub. O, meydanı 43 xalla tərk edib. Beləliklə də, “Leykers”i 116:102 hesabıyla məğlub edən “Klivlend” ardıcıl 4-cü oyununda 3-cü qələbəsini qazanaraq Şərq konfransında 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Bu mövsüm imkanlarından aşağı səviyyədə çıxış edən “Mayami” isə hələ də pley-off zonasından kənardadır. Erik Spoelstranın komandası bu dəfə doğma meydanda çempionatın autsayderlərindən olan  “Detroyt Pistons” qarşısında aciz qalıb. İlk hissəni 3 xal fərqi ilə öndə başa vuran floridalılar fasilədən sonra miçiqanlıların təzyiqi qarşısında aciz qalıb. Xüsusən də, 31 xal toplayan “Detroyt”un xorvatiyalı basketbolçusu Boyan Boqdanoviçin qarşısını kəsmək mümkün olmayıb: Mayami – Detroyt 96:116.