Bu gün 1/8 finalın daha bir görüşündə Braziliya və Cənubi Koreya kollektivləri üz-üzə gələcək. Altıncı 1/4 finalçının müəyyənləşəcəyi görüşün favoriti cənubi amerikalılardır. Pentakampeonlar qrup mərhələsini məğlubiyyətlə bitirsə də, 1/8 finalda qələbəyə iddialıdır.

Tite, Braziliya millisinin baş məşqçisi: “Hərkəsi Neymarın vəziyyəti maraqlandırır. Onu deyə bilərəm ki, Neymarın vəziyyəti hələlik sual altındadır. Biz qarşılaşmaya köklənmişik. Hər kəs vəzifəsinin nədən ibarət olduğunu yaxşı dərk edir. Rəqibimizə uğurlar arzulayıram. Lakin biz favorit olduğumuzu hər saniyə göstərməliyik”

Qana və Uruqvayı qrupda saxlayan asiyalıların daha bir sensasiyanı reallaşdıracağı isə inandırıcı görünmür.

Paulu Bentu, Cənubi Koreya yığmasının baş məşqçisi: “Düşünürəm ki, Braziliya hazırkı vəziyyətdə dünya kubokunu sahiblənəcək 1 nömrəli komanda kimi göstərilir. Təbii ki, bu bizi qorxutmur. Paltardəyişmə otağında statistika oxumuruq. Oyun haqqında tutarlı taktiki plan hazırlayırıq.”

Qeyd edək ki, “974” Stadionunda keçiriləcək Braziliya – Cənubi Koreya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23-də başlanacaq.