B qrupunda İran millisi Amerika Birləşmiş Ştatları seçməsi ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini ilk hissədə vurulan 1 qol həll edib. 38-ci dəqiqədə Serjinyo Destin ötürməsindən sonra Kristian Pulişiç İran millisinin qapısına yol tapıb. Qoldan sonra Asiya təmsilçiləri dəfələrlə rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaratsalar da məğlubiyyətdən yaxa qurtara bilməyiblər. İran - Amerika Birləşmiş Ştatları 0:1.

Digər görüşdə isə Böyük Britaniya derbisi keçirilib. Uels millisi İngiltərə seçməsi ilə münasibətlərə aydınlıq gətirib. Görüşdə hesab 50-ci dəqiqədə açılıb. Markus Reşford komandasını irəli çıxarıb. Az sonra Fil Foden fərqi iki topa çatdırıb. 68-ci dəqiqədə Uels futbolçuları 3-cü dəfə mərkəzə dəvət olunub. Markus Reşford dublla yadda qalıb. Uels - İngiltərə 0:3.

Bununla da, aktivində 7 xalı olan İngiltərə millisi qrup lideri kimi 1/8 finala yüksəlib. 5 xalı olan Amerika Birləşmiş Ştatları seçməsi də play-off mərhələsində mübarizə aparacaq.