Dünya çempionatının B qrupunun böyük maraq doğuran qarşılaşmalarından biri “Əl Tumama” arenasında keçiriləcək.
İran millisi Amerika Birləşmiş Ştatları seçməsi ilə üz-üzə gələcək. İndiyədək komandalar cəmi 1 dəfə 1998-ci il mundialında qarşılaşıblar. Bu oyun İran yığmasının 2-1 hesablı qələbəsilə yekunlaşmışdı. Asiya təmsilçisi qapıçı Alireza Beyranvand və yarımmüdafiəçi Alireza Cahanbaxşın xidmətindən yararlana bilməyəcək. Birləşmiş Ştatlar komandası isə optimalm heyətlə mübarizə aparacaq. 2 turdan sonra İran millisinin 3, Amerika təmsilçisinin isə hesabında 2 xal var. İran seçməsinin baş məşqçisi Karlus Keyruş Amerika komandasını qrupun ən yaxşısı adlandırıb: “2 turun oyunlarına nəzər salsaq, Amerika Birləşmiş Ştatları komandası qrupun ən yaxşısıdır. Onların bütün mövqelərdə sürətli və texnikalı oyunçuları var. Bizim üçün çətin olacaq. Lakin tarixi nəticə qazanmaq üçün çox çalışmalıyıq. Futbolçular da meydanda nə etməli olduqlarını yaxşı bilirlər. Bərabərlik bizə kifayət etsə də, müdafiə futbolu oynayamaycağıq.
Birləşmiş Ştatlar komandasının çalışdırıcısı Qreq Berhalter bu görüşdə favoritin olmadığını vurğulayıb: “İlk 2 oyundakı səhvlərimizdən nəticə çıxarmağa çalışırıq. Bəziləri bizi matçın favoriti saysa da mən belə düşünmürəm. İran millisi bizə qarşı yüksək motivasiya ilə oynayacaq. Onlar xüsusən əks hücumlarda daha təhlükəlidirlər. Bu qarşılaşmada qeydə alınan nəticə qrupun taleyini böyük ölçüdə həll edəcək”.
Qeyd edək ki, İran - ABŞ matçı bu gün saat 23-də başlanacaq. Qarşılaşmanı ispaniyalı Antonio Migel Laosun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.