“Qarabağ”ın UEFA Konfrans Liqasının 1/16 finalında Belçikanın “Gent” komandasına qarşı mübarizə aparacağı dəqiqləşəndən sonra Ağdam klubuna rəhbərlik edən Qurban Qurbanov rəqibi dəyərləndirib. O, “Gent”in gücündən danışaraq uğur qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib.
Pley-ofda bütün potensial rəqiblərimiz güclü idi. “Gent” də bu mənada istisna deyil. Belçikanın digər komandası “Brügge”nin UEFA Çempionlar Liqasında əla nəticəylə pley-ofa çıxması da ölkə futbolunun səviyyəsinin göstəricisidir. Biz hər cür çağırışa hazırıq. Həmişə olduğu kimi futbolçulara inanıram. Həm öz meydanımızda, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Xatırladaq ki, “Qarabağ” – “Gent” oyunu gələn il fevralın 16-da keçiriləcək. 1 həftə sonra isə komandalar Belçikada cavab görüşündə üz-üzə gələcək.