UEFA Avropa Liqasının B qrupunda “Fənərbağça” sonuncu görüşdə “Dinamo” Kiyevin qonağı olub. Krakovda keçirilən matçda İstanbul klubu qələbə qazanıb. 1-ci hissədə vurulan qollar görüşün taleyini həll edib. Arda Güler 23-cü dəqiqədə hesabı açıb. Fasilə ərəfəsində isə Villian Aran fərqlənib. 2-ci yarıda hesab dəyişməyib: “Dinamo” Kiyev – “Fənərbağça” 0:2. Qrupun digər matçında “Renn” AEK-lə heç-heçə edib. Beləliklə B qrupunda “Fənərbağça” 14 xalla lider kimi pley-ofa çıxıb. “Sarı lacivərdlər” qrup yarışını məğlubiyyətsiz tamamlayıblar. “Fənər”dən 2 xal geri qalan “Renn” 2-ci yeri tutaraq pley-ofa yüksəlib. 5 xalla 3-cü olan AEK Konfrans liqasında çıxış edəcək.
H qrupunda isə Türkiyənin digər komandası “Trabzonspor” “Ferentsvaroş”u qəbul edib. “Qara dəniz fırtınası” qalib gəlsə də, bu, komandanın pley-ofa çıxmasına kifayət etməyib. Macarıstan klubu ilə qarşılaşmada vurulan yeganə qolun müəllifi 7-ci dəqiqədə Anastasios Bakasetas olub. Eyni qrupda “Monako” Fransada Srvena Zvezdanı məğlub etməkdə çətinlik çəkməyib 4:1. H qrupunda “Ferentsvaroş” 10 xalla 1-ci pillədən, eyni miqdarda xal toplayan “Monako” isə 2-ci sıradan pley-ofa vəsiqə qazanıb. Rəqiblərindən yalnız 1 xal geri qalan “Trabzonspor” Konfrans liqasına yuvarlanıb.