Çempionlar Liqasının H qrupunda “Pari Sen-Jermen” səfərdə “Yuventus”un qonağı olub. 13-cü dəqiqədə Kilyan Mbappe fransalı azarkeşləri sevindirib. Turin təmsilçisi 39-cu dəqiqədə tarazlıq yaradıb. Leonardo Bonuççi dəqiq oynayıb. Lakin fasilədən sonra qonaqlar daha 1 dəfə fərqlənməklə qələbəni təmin ediblər. 69-cu dəqiqədə Mbappenin ötürməsindən sonra Nuno Mendeşin zərbəsi qarşısıalınmaz olub. “Yuventus” – “Pari Sen-Jermen” 1:2.

“Benfika” isə İsraildə “Makkabi” Hayfa ilə üz-üzə gəlib. “Benfika”nın heyətindən Qonsalu Ramuş, Petar Musa, Alexandro Qrimaldo, Rafa Silva, Enrike Arauju və Joau Mariu hərəyə bir qol vurmaqla Lissabon klubunun böyük hesablı qələbəsində rol oynayıblar. “Makkabi”dən isə yalnız Tyaron Şeri təsəlli qolunu vurub. “Makkabi” Hayfa – “Benfika” 1:6. Bu nəticələrdən sonra H qrupunda “Benfika” və PSJ-nin xalları eyni olub. Hər iki komandanın top fərqi də bərabər olduğundan və şəxsi oyunlarda qalib müəyyənləşmədiyindən reqlamentə əsasən səfər görüşlərində daha çox qol vuran “Benfika” qrupu lider başa vurub. PSJ isə qrup ikincisi kimi pley-ofa adlayıb. Maraqlıdır ki, son iki pillədə qərarlaşan “Yuventus” və “Makkabi Hayfa”nın da eyni xalı olub. Şəxsi oyunlardakı görüşlərin ümumi hesabı bərabər olduğundan daha yaxşı top fərqinə malik “Yuventus” mübarizəni Avroliqada davam etdirəcək.

E qrupunda “Milan” sonuncu görüşünü “Zaltsburq”la keçirib. İtalita klubu rəqibinə 4 top fərqi ilə qalib gəlib. Oliviye Jirunun dubl etdiyi qarşılaşmada, Rade Kruniç və Junior Messias hərəyə bir dəfə fərqləniblər. “Milan” – “Zaltsburq” 4:0.

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” Zaqreb isə “Çelsi”yə məğlub olub. Qarşılaşmaya yaxşı başlayan qonaqlar 7-ci dəqiqədə hesabı açıblar. Bruno Petkoviç yerli azarkeşləri məyus edib. Qoldan sonra irəli atılan “zadəganlar” görüşün taleyini ilk hissədə həll ediblər. Rahim Sterlinq və Denis Zakariya rəqib qapısına yol tapmaqla növbəti 3 xalı aktivinə yazıblar. 70-ci dəqiqədə millimizin üzvü Mahir Emreli Stefan Ristovskini əvəz edərək Çempionlar Liqasının qrup mərhələsində bu mövsüm ilk dəfə meydana çıxıb. Bununla da “Çelsi” 13 xalla, “Milan” isə 10 xalla pley-ofa adlayıb. 6 xalı olan “Salzburq” Avroliqada yarışacaq. “Dinamo” Zaqreb isə Avrokuboklarla vidalaşıb.