UEFA Çempionlar Liqasının D qrupunda bütün komandaların pley-ofa çıxmaq imkanlarının olması gərginliyi yüksək həddə saxlayırdı. Təsadüfi deyil ki, qrupun “Olimpik” Marsel – “Tottenhem” matçı dramatikliyi ilə əlamətdar oldu. Fasiləyə yaxın meydan sahibləri Şansel Mbembanın vurduğu qolla üstünlük qazanıblar. Amma 2-ci yarıda “Tottenhem” futbolçuları təşəbbüsə yiyələniblər. 54-cü dəqiqədə Kleman Lanqle tarazlığı bərpa edib. Oyunda uzun müddət hesab dəyişməyib. Çoxları matçın heç-heçə başa çatacağını güman etsə də, London futbolçuları sona yaxın həlledici qolu vurublar. 2-ci hissəyə artırılan 5-ci dəqiqədə Pyer Emil Höyberq fərqlənərək “Tottenhem”in 1/8 finala çıxmasına şərait yaradıb. “Sportinq” – “Ayntraxt” görüşündə də oxşar məzmun qeydə alınıb. 1-ci hissə meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 39-cu dəqiqədə Artur Qomis Frankfurt klubunu məyus edib. Lakin ruhdan düşməyən qonaqlar fasilədən sonra 2 qol vuraraq vəziyyəti xeyirlərinə dəyişiblər. 62-ci dəqiqədə Daiti Kamada penaltini dəqiq yerinə yetirib. 72-ci dəqiqədə isə Randal Kolo Muani yekun nəticəni müəyyənləşdirib -"Sportinq” – “Ayntraxt” 1:2.

D qrupunda 11 xal toplayan “Tottenhem” lider kimi, 1 xal geri qalan “Ayntraxt” isə 2-ci yeri tutaraq pley-ofa yüksəlib. 7 xalla 3-cü olan “Sportinq” Avropa Liqasında mübarizəni davam etdirəcək. “Olimpik” Marsel isə qrup yarışını 6 xalla sonuncu sırada bitirib. Pley-ofa çıxan komandaların ötən turdan məlum olduğu C qrupunda “Bavariya” İtaliyada olduğu kimi öz meydanında da “İnter”İ 2:0 hesabilə məğlub edib. Almaniya klubunun heyətində Benjamen Pavar və Erik Şupo Motinq qonaqları cəzalandırıblar. “Barselona” isə Çexiyada “Viktoriya” Plzendən üstün olub 4:2. Qonaqlardan Markos Alonso hesabı açıb. Ferran Torres dubl edib. Digər qolu isə Pablo Torre vurub. Meydan sahiblərindən Tomaş Xorıy “Barsa”nın qapısına 2 dəfə yol tapıb. Beləliklə C qrupunda 6 oyundan 18 xal toplayan “Bavariya” lider olmaqla yanaşı, bu mövsüm qrup yarışında maksimum nəticə göstərən yeganə komanda kimi fərqlənib. “İnter” 10 xalla 2-ci pillədən 1/8 finala adlayıb. 7 xalla 3-cü yeri tutan “Barselona” Avropa Liqasına düşüb. “Viktoriya” Plzen isə qrup mübarizəsini xalsız başa vurub.