İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. Sonuncu oyun günündə 2 qarşılaşma keçirilib. İddialı komandalardan “Roma” səfərdə “Verona” ilə üz-üzə gəlib. Joze Maurinyonun komandası 19-cu dəqiqədə hesabı açmağa yaxın olub. Rik Karsdorpun ötürməsindən sonra Toni Abraham topu boş qapıdan keçirə bilməyib. Əvəzində “Verona” futbolçuları 26-cı dəqiqədə qonaqların qapısına yol tapıblar. Pavel Davidoviç yerli azarkeşləri sevindirib. Lakin meydan sahibləri 10 dəqiqə sonra uğursuzluqla üzləşiblər. Yeganə qolun müəllifi Davidoviç birbaşa qırmızı vərəqə ilə cəzalanıb. İlk hissəyə artırılan 2-ci dəqiqədə Nikolo Zaniolo tarazlıq yaradıb. Paytaxt klubu fasilədən sonra da hücumlarına ara verməyib. 88-ci dəqiqədə Kristian Volpato uzaqdan qapını dəqiq nişan alıb. 4 dəqiqə sonra Stefan El-Şaravi mübarizəyə nöqtə qoyub: “Verona” – “Roma” 1:3. Beləliklə, xallarının 25-ə çatdıran “Roma” turnir cədvəlində 1 pillə irəliləyərək 4-cü yerə yüksəlib. “Verona” isə 5 xalla autsayderdir.
“Montsa” isə doğma meydanda “Bolonya”ya uduzub. Görüşdə vurulan qollar ikinci hissəyə təsadüf edib. Əvvəlcə meydan sahibləri penaltidən yararlanıblar. Andrea Petanya fürsəti dəyərləndirib. Lakin 3 dəqiqə sonra “Bolonya” futbolçuları bərabərlik yaradıb. Levis Ferquson komandasını ümidləndirib. Çox keçmədən Rikardo Orsolini “Bolonya”nın qələbə qolunu vurub. “Montsa” – “Bolonya” 1:2. 13 xalı olan “Bolonya” 12-ci, 10 xalla “Montsa” isə 15-cidir. Yarış cədvəlinə 32 xalla “Napoli” başçılıq edir.