Azərbaycan çempionatının 12-ci turunda “Qarabağ” Şamaxıya səfər edib. Ağdam klubu yerli komandanın qonağı olub. İlk 10 görüşündə qalib gələn Qarabağ futbolçuları seriyanı davam etdiriblər. 1-ci hissədə hesab açılmasa da, fasilədən sonra 4 qol vurulub. 51-ci dəqiqədə Musa Qurbanlı topu qapıdan keçirib. Ardınca Elvin Cəfərquliyev fərqlənib. 2-ci hissəyə artırılan vaxtda isə Musa Qurbanlı yenidən diqqət mərkəzinə düşüb. O özünün 2-ci, komandasının 3-cü qolunu vurub. Yekun nəticəni isə Cəlal Hüseynovun avtoqolu müəyyənləşdirib. Beləliklə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” 11-ci görüşündə 11-ci qələbəsini əldə edib. Maksimum nəticə ilə irəliyən Qarabağın ən yaxın izləyicisi Sabahdır.
Rəqibindən 1 oyun çox keçirən komanda ardıcıl 6-cı qələbəsini qazanıb. “Sabah” futbolçuları “Qəbələ” ilə oyunda əzmkarlıqları ilə yadda qalıblar. İsnik Aliminin vurduğu qol sayəsində “Qəbələ” fasiləyə öndə yollanıb. Amma 2-ci hissədə meydan sahibləri hesabı xeyirlərinə dəyişə biliblər. 63-cü dəqiqədə Aleksey Kaşuk tarazlığı bərpa edib. 2-ci hissəyə artırılan vaxtda isə Davit Volkov paytaxt klubunun qələbə qolunu vurub 2:1. 12 tura 31 xal toplayan “Sabah” lider “Qarabağ”dan 2 xal geri qalır. Qeyd edək ki, Ağdam klubunun ehtiyatda 1 oyunu var. İlk 3-lüyü 25 xalla “Neftçi” tamamlayır.