UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” qrup mərhələsində 5-ci oyununa çıxıb. Azərbaycan çempionu Fransada yerli “Nant” klubunun qonağı olub. Bakıda rəqibinə 3:0 hesabı ilə qalib gələn “Qarabağ” futbolçuları səfərdəki görüşə də yaxşı başlayıblar. İlk 10 dəqiqə ərzində rəqib qapıçı 2 dəfə komandasını qoldan xilas edib. Alban Lyafon əvvəlcə Ovusu Kvabenanın fərqlənməsinə mane olub. Az sonra Kadinin də qol vurmasına “Nant”ın qolkiperi imkan verməyib. 16-cı dəqiqədə isə Qarabağı qapıçısı Şahruddin Məhəmmədəliyev kobud səhv edib. Bu səhvdən Ludovik Blas yararlanaraq hesabı açıb. Az sonra Şahruddin Məhəmmədliyev və Ludovik Blas yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə “Qarabağ”ın qolkiperi inamlı oynayıb. Fasiləyə kimi hər iki tərəfin fərqlənmək üçün imkanı olsa da, hesab dəyişməyib. 1-ci hissə “Nant”ın minimal hesablı üstünlüyü ilə bitib. 2-ci yarıya da “Qarabağ” futbolçuları fəal başlayıblar. Onların bu fəallığı penalti ilə yekunlaşıb. Filip Ozobiç fürsəti əldən verməyib.
Oyuna meydanın mərkəzindən başlayan “Nant” futbolçuları elə ilk hücümdaca təhlükəli vəziyyət yaradıblar. Amma Şahruddin Məhəmmədəliyev inamlı oynayıb. Ardınca əks hücüm təşkil edən qonaqlar da hesabda önə keçməyə yaxın olublar. Amma Abdulla Zubirin zərbəsindən sonra Alban Lyafon topun qapıdan keçməsinə imkan verməyib. 2 dəqiqədən sonra Kadi diqqət mərkəzinə düşüb. Onun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə tuş gəlib. Bu fürsətlərdən yararlana bilməyən “Qarabağ” futbolçuları görüşün sonunda qapılarında top görüblər. 2-ci hissəyə artırılan vaxtda İqnatius Qanaqo fərqlənərək “Nant”a 2:1 hesablı qələbə qazandırıb. Qeyd edək ki, pararlel keçirilən “Frayburq” – “Olimpikos” qarşılaşması 1:1 hesabı ilə bitib. Hazırda 13 xala malik “Frayburq” qrup liderliyini təmin edib. “Qarabağ” 7 xalla 2-ci pillədədir. “Nant 6 xalla 3-cüdür. 2 xala malik “Olimpiakos”un autsayder olacağı dəqiqləşib.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək son turda “Qarabağ” Bakıda “Frayburq”u qəbul edəcək. “Nant” isə Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.