"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveçin "Erebru" klubu ilə qarşılaşıb. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Huydur Huyka Arena"da keçirilən görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan qolları 26-cı dəqiqədə Vitinyo və 35-ci dəqiqədə Ramiz Çovdarov vurub. Qrupun digər oyununda isə Serbiyanın "Loznika Qrad" klubu ilə Bosniya və Herseqovinanın "Mostar" kollektivi üz-üzə gəlib. Qarşılaşma 2:1 hesabı ilə “Loznika Qrad”ın xeyrinə başa çatıb.
Oyundan sonra komandamızın baş məşqçisi məğlubiyyət haqqında bunları söyləyib: “Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Müdafiədə çox səhvimiz oldu. Qol epizodları da yaratdıq, amma reallaşdıra bilmədik. Belədə cür nəticədən qaçmaq mümkün deyil”
Xatırladaq ki, bu gün təmsilçimiz “Loznika Qrad” futzalçıları ilə üz-üzə gələcək. Görüş bu gün saat 19:30-da başlayacaq.