Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun daha bir neçə görüşü keçiriləcək. 4 qrupda təşkil olunan 8 oyunda pley-offun daha 5 iştirakçısı bəlli ola bilər. E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a qalib gələcəyi halda 1/8 finala vəsiqəni təmin edəcək. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo Zaqreb” doğma meydanda "Milan" kollektivi ilə üz-üzə gələcək. İtaliya klubu bu qarşılaşmada əsas heyətin 3 futbolçusunun köməyindən istifadə edə bilməyəcək.

F qrupunda "Leyptsiq" öz meydanında "Real Madrid"i məğlub etsə, qrup 2-cisi kimi pley-offa adlaya bilər. Lakin komandanın növbəti mərhələyə adlama şansları digər qarşılaşmaya bağlıdır. Belə ki, bunun üçün həm də Ukraynanın "Şaxtyor" Donetsk futbolçuları Şotlandiyada "Seltik"ə uduzmalıdır.

G qrupunda Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubuna qalib gələrsə, qrup ikincisi kimi növbəti mərhələyə adlayacaq. Qeyd edək ki, “şəhərlilər” 4 turdan 10 xal toplayaraq pley-ofa vəsiqəni vaxtından əvvəl təmin edib. Dortmund təmsilçisinin daha bir şansı isə qrupun digər matçına bağlıdır. Belə ki, "Kopenhagen" "Sevilya" ilə İspaniyadakı görüşdə xal itirsə, bundesliqa klubunun qrupdan çıxmaq üçün artıq heç-heçə də qane edir.