İtaliya çempionartının 11-ci turu “Roma”-“Napoli” oyunu ilə əlamətdar olub.

Roma Olimpiya stadionunda keçirilən görüşdə azarkeşlər yalnız bir qolun şahidi olublar. 81-ci dəqiqədə “Napoli”nin hücumçusu Viktor Osimhenin vurduğu qol Neapol təmsilçisinə minimal hesablı qələbə qazandırıb: “Roma”-“Napoli” 0:1. Bu tura qədər məğlubiyyətsiz irəliləyən “Atalanta” isə mövsümdə ilk dəfə uduzub. Can Pyero Qasperinin komandası doğma meydanda “Latsio” qarşısında aciz qalıb. Oyunda artıq 10-cu dəqiqəqə hesab açılıb. Mattio Cakkanyi qonaqların azarkeşlərini sevindirib. İkinci hissədə paytaxt təmsilçisi daha bir qol vuraraq qarşılaşmanın taleyini həll edib. “Atalanta”nı səfərdə 2-0 hesabı ilə məğlub edən “Latsio” rəqibi ilə eyni 24 xala malik olsa da, digər göstəricilərə görə turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Lider isə 29 xala malik “Napoli”dir. 26 xala malik “Milan” isə 2-ci yerdə gedir.