Türkiyə çempionatında 10-cu tura yekun vurulub. Sonuncu oyun günündə favoritlərdən “Fənərbağça” səfərdə autsayder “Ankaragücü” ilə üz-üzə gəlib. Hesab 3-cü dəqiqədə açılıb. Mişu Batşuayi cərimə meydançasında yaxın məsafədən topu qapıdan keçirilib. İlk yarının ortalarına hücumlarına ara verməyən İstanbul klubu fərqi artırıb. İrfan Can Kahveci uzaqdan qüvvətli zərbə ilə meydan sahiblərini ikinci dəfə məyus edib. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Jorje Jezuşun kollektivi yenidən rəqib qapısını silkələyib. Dieqo Rossi yekun nəticəni müəyyənləşdirib. “Ankaragücü” – “Fənərbağça” 0:3.

Türkiyəni avrokuboklarda təmsil edən digər komanda “Sivasspor” da 10-cu turu qələbə ilə başa vurub. Komanda doğma meydanda “Giresunspor”dan üstün olub. 35-ci dəqiqədə müdafiəçilərin kobud səhvindən sonra təmamilə boş vəziyyətdə qalan Mustafa Yatabare hesabı açıb. 10 dəqiqə sonra fərq artıb. Dia Saba cərimə zərbəsindən birbaşa topu qapıya göndərib. Qarşılaşmanın son dəqiqələrində “Sivasspor” futbolçuları daha bir qol vuraraq mübarizəyə nöqtə qoyublar. Dia Sabanın gözəl ötürməsindən sonra Hakan Arslanın qüvvətli zərbəsi qarşısıalınmaz olub: “Sivasspor” – “Giresunspor” 3:0. Beləliklə, qələbə sayəsində xallarını 10-a çatdıran “Sivasspor” 12-ci yerdədir. 8 xalı olan “Giresunspor” 14-cüdür. Çempionata 21 xalla “Adana Demirspor” başçılıq edir. “Fənərbağça” və “Başakşəhər” isə 20 xalla liderin ən yaxın rəqibləridir.