İtaliya A seriyasının lideri “Napoli” 10-cu turda “Bolonya”nın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab hissənin sonuna yaxın açılıb. Qonaqlardan Coşua Zirkzenin vurduğu qola çox keçmədən Juan Jezuş cavab verib. Fasilədən sonra daha 3 qol qeydə alınıb. 2-ci yarının əvvəlində İrvinq Losano “Napoli”ni önə çıxarsa da, meydan sahiblərinin sevinci çox çəkməyib. 2 dəqiqə sonra Musa Barrou yenidən tarazlığı bərpa edib. Amma “Napoli” hər necə olsa da, qələbə topunu vura bilib. 69-cu dəqiqədə Viktor Osimhen Xviça Kvaratsxeliyanın ötürməsini lazımınca qiymətləndirərək son nöqtəni qoyub: “Napoli” – “Bolonya” 3:2.
Çempion “Milan” isə səfərdə “Verona” ilə üz-üzə gəlib. “Rossoneri” Migel Velozonun avtoqolu sayəsində irəli keçib. Lakin meydan sahibləri fasiləyə kimi hesabı bərabərləşdiriblər. Koray Günter diqqət mərkəzinə düşüb. Gərgin mübarizənin taleyinə sona yaxın aydınlıq gəlib. 81-ci dəqiqədə Sandro Tonali “Milan”a 3 xal qazandıran qolu vurub 2:1.
“İnter” də azarkeşlərini qələbə ilə sevindirib. “Neradzurri” öz meydanında “Salernitana”nı 2 cavabsız qolla məğlub edib. Meydan sahiblərindən Lautaro Martines və Nikolo Barella fərqləniblər. Ardıcıl 2-ci oyunda qələbə qazanan “İnter” 18 xalla 6-cıdır. Yeni mövsümdə məğlub olmayan “Napoli” yarış cədvəlinə başçılıq edir. Luçano Spallettinin komandasının hesabında 26 xal var. 2 xal az toplayan “Atalanta” 2-ci, “Milan” 23 xalla 3-cüdür.