İspaniya La Liqasının 9-cu turu “El Klasiko” ilə əlamətdar olub. “Real Madrid” “Santyaqo Bernabeu”da “Barselona” ilə üz-üzə gəlib.

Hər iki komandanın ilk 8 turdan sonra 22 xal toplaması qarşılaşmaya marağı daha da artırırdı. Xüsusilə “Barselona” ilk turdakı heç-heçədən sonra ardıcıl 7 oyundur qələbə qazanırdı. Amma rəsmi oyunlardakı 250-ci El Klassikoda paytaxt təmsilçiləri seviniblər. Artıq 12-ci dəqiqədə Kərim Benzema hesabı açıb. 35-ci dəqiqədə meydan sahibləri 2-ci qolu vurublar. Bu dəfə Federiko Valverde qapını dəqiq nişan alıb - 2:0. İlk hissə bu hesabla bitib. Fasilədən sonra qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıblar. 83-cü dəqiqədə Ferran Torres “Barselona” azarkeşlərini ümidləndirsə də, qarşılaşmanın sonunda hesab arasındakı fərq yenidən 2 topa yüksəlib. Rodriqo yekun nəticəni müəyyənləşdirib. Beləliklə mövsümün ilk “El Klasiko”sunda qalib gələn “Real Madrid” ümumilikdə 101-ci dəfə rəqibindən üstün olub. Qeyd edək ki, “Barsa” belə görüşlərdə 97 dəfə sevinən tərəf olub. Son 7 “El Klasiko”nun 6-da qalib gələn “Real Madrid” bu mövsüm rəqibinə ilk məğlubiyyətini yaşadıb.  Beləliklə 9 turdan sonra 25 xal toplayan “Kral klubu” “Barselona”nı 3 xal geridə qoyaraq yarışın vahid lideri olub.