Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu üzrə növbəti oyunlar keçiriləcək. Turun diqqət çəkən qarşılaşmalarından biri İspaniyada olacaq. Barselona Nou Kampda İnterlə üz-üzə gələcək. Komandalar arasında keçirilən ilk oyun Milan klubunun 1-0 hesablı qələbəsilə yekunlaşmışdı. İspaniya təmsilçisi cavab görüşündə Andreas Kristensen, Memfis Depay, Frank Kessye və Jül Kundenin xidmətindən yararlana bilməyəcək. İnterin heyətində isə Yoaxin Korrea, Marselo Brozoviç və Romelu Lukaku bu qarşılaşmada meydanda olmayacaqlar. "Barsa"nın baş məşqçisi Xavi Ernandes bu matçı sehrli gecə adlandırıb: “İlk 3 görüşdən sonra qrupdakı vəziyyətimiz heç də ürəkaçan deyil. Bu oyun bizim üçün həyati önəm kəsb edir. Aqressiv oynamalı və topla inamlı şəkildə davranmalıyıq. Səhv etmək şansımız yoxdur. Milan və Münhen məğlubiyyətlərindən sonra futbolçuları növbəti oyuna hazırlamaq heç də asan olmadı. Lakin pozitiv olmalıyıq. Əgər bu sehrli gecədə qalib gəlsək bu, bizim üçün dönüş nöqtəsi olacaq”.
İnterin baş məşqçisi Simone İnzagi isə qarşılaşmanın əhəmiyyətindən söz açıb. İtaliyalı mütəxəssis komandaların qələbə imkanlarını dəyərləndirib: “Ötən oyunda hakimlərin işi ilə bağlı bəzi məqalələri oxudum. Lakin bu barədə danışmaq istəməzdim. VAR hakimlərinin qərarlarına hörmətlə yanaşmalıyıq. Rəqib cavab görüşündə daha istəkli olacaq. Topa sahib olarkən düzgün qərarlar qəbul etməliyik. Kiçik bir səhv belə ağır nəticələrə səbəb ola bilir. Yenə də azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Qeyd edək ki, Bakı vaxtilə 23:00-da başlanacaq “Barselona” – “İnter” matçını polşalı Şimon Marçinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.