Bu gün UEFA Çempionlar liqasında qrup mərhələsinin 4-cü mərhələsinə start verilir.
Diqqət çəkən qarşılaşmalardan biri Parisdə, Park de Prens stadionunda təşkil olunacaq. PSJ Benfika ilə üz-üzə gələcək. Ötən həftə keçirilən ilk oyunda 1-1 hesablı bərabərlik qeydə alınmışdı. Hazırda hər iki komanda 7 xalla H qrupunda liderliyi bölüşür. Paris klubu görüşə bir sıra itkilərlə çıxacaq. Lionel Messi, Nuno Mendes, Kimpembe və Renato Sançes bu qarşılaşmada iştirak etməyəcəklər. Benfika isə David Neresin köməyindən yararlana bilməyəcək. Oyundan əvvəl baş məşqçilər jurnalistlərin suallarını cavablandırıblar. PSJ-nin çalışdırıcısı Kristof Qaltye komandanın taktiki hazırlığı və rəqibin güclü tərəfləri barədə fikirlərini bölüşüb: “Bu matç bəlkə də qrupun liderini müəyyənləşdirəcək. İlk oyundan sonra məşqçilər heyəti ilə birgə təhlillər apardıq. Taktiki cəhətdən bəzi səhvlərimiz var idi. Bu amillər üzərində işləmişik. Heyətimiz fərdi cəhətədən keyfiyyətli futbolçulardan qurulsa da, Benfika kimi formada olan klubla oynamaq asan deyil. Onlar hər oyuna yüksək motivasiya ilə çıxırlar. Messinin meydanda olmaması böyük itkidir. Buna baxmayaraq onun yoxluğunu hiss etdirməməyə çalışacağıq.
Portuqaliya klubunun baş məşqçisi Rocer Şmidt komandasnın cəsarətlə və böyük inamla meydana çıxacağını vurğulayıb: “Ötən həftə olduğu kimi yenə də gərgin mübarizə bizi gözləyir. Futbolçuların fiziki hazırlığı istədiyim səviyyədədir. Onlar nə etməli olduqlarını bilirilər. Paris səfərinə yollanmaq istənilən klub üçün çətindir. Amma orada da kifayət qədər Benfika azarkeşi var. Bilirəm ki, onlar bu dəfə də bizi tək qoymayacaqlar. Bütün azarkeşlərimizə yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, PSJ-Benfika matçını britaniyalı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.