UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü oyunların startı verilir. Londonda “Çelsi”yə 0:3 hesabilə uduzan “Milan” bu dəfə rəqibilə öz meydanında üz-üzə gələcək.

“Rossoneri”nin heyətində ciddi itkilər olsa da, Teo Ernandesin qayıdışı İtaliya klubunun azarkeşlərini sevindirən əsas amillərdəndir. Üstəlik fransalı futbolçunun meydana çıxdığı A seriyası matçında “Milan” öz meydanında “Yuventus”u  məğlub edərək yenə çempionluğa əsas namizədlərdən biri olduğunu sübut etdi. “Çelsi”nin heyətində isə Londonda keçirilən görüşdə zədələnən Vesli Fofana oynaya bilməyəcək. E qrupunda vəziyyətə gəlincə, hazırda “Zaltsburq” 5 xalla liderdir, “Çelsi” və “Milan” 4 xalla 2-ci, 3-cü yerlərdədir. Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su isə 3 xalla sonuncudur.

“Milan” – “Çelsi” oyunundan əvvəl baş məşqçilər ənənəvi mətbuat konfransında fikirlərini bölüşüblər. “Milan”a rəhbərlik edən Stefano Pioli ilk oyundakı məğlubiyyəti düşünməməli olduqlarını deyib: “Londonda baş verənləri unutmalıyıq. İndi bizi öz azarkeşlərimiz önündə tamamilə fərqli bir görüş gözləyir. İtaliya çempionu kimi Avropa miqyasında da öz səviyyəmizi göstərməliyik. Bunun üçün “Çelsi”yə mütləq qalib gəlməliyik. Oyun planımızı icra edə bilsək, uğur qazanacağıq”.

Qrem Potter isə “San Siro”da yeni çağırışa hazır olduğunu bildirib: “Möhtəşəm “San Siro”da meydana çıxmaq əla olacaq. Bunu özüm üçün yeni çağırış kimi qiymətləndirirəm. Eyni səviyyəli 2 komanda arasında gərgin mübarizə gözləyirəm. Nəzərə almalıyıq ki, “Milan” doğma azarkeşləri önündə oynayacaq. İşimiz asan olmayacaq. Lakin biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik”. “Milan” – “Çelsi” matçı bu gün Bakı vaxtilə saat 23:00-da başlanacaq.