UEFA Avropa Liqasının G qrupunda mübarizə aparan "Qarabağ" 3-cü  turda Yunanıstanda “Olimpiakos”la qarşılaşıb.  Afinada "Georgios Karaiskakis" stadionunda keçirilən görüşə fəal başlayan futbolçularımız artıq 4-cü dəqiqədə rəqib qapısına yol tapıblar. Lakin VAR-ın köməyindən istifadə edən hakim Abdulla Zubirin qolunu qeydə almayıb. İlk yarıda "Qarabağ" futbolçuları ardıcıl hücumlar təşkil etsələr də , hesabı aça bilməyiblər. Fasilədən sonra da təşəbbüsü əldən verməyən Qurban Qurbanovun komandası  68-ci dəqiqədə istəyinə nail olub. Kadini ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan

Ovusu Kvabena “çərçivə”ni dəqiq nişan alıb. Çox keçmədən fərq artıb. 82-ci dəqiqədə meydan sahiblərinin müdafiədə buraxdığı kobud səhvi Marko Veşoviç bağışlamayıb. 4 dəqiqə sonra isə meydana ikinci hissədə daxil olan Ramil Şeydayev rəqibi üçüncü dəfə mərkəzə dəvət edib. Hücumçumuzun yaxın küncə endirdiyi qüvvətli zərbə qarşısıalınmaz olub. "Olimpiakos" futbolçuları fərqi azaltmağa cəhd göstərsələr də komandamız buna imkan verməyib. Beləliklə Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gələn “Qarabağ” 6 xalla qrupda ikinci yerdəki mövqeyini möhkəmləndirib. Komandamız  lider "Frayburq"dan 3 xal geri qalır. Aktivində 3 xalı olan "Nant" 3-cü pillədədir. Xal qazana biməyən "Olimpiakos" isə sonuncudur.