Çempionlar Liqasında “ölüm qrupu” kimi adlandırılan C qrupunda da bir-birindən maraqlı görüşlər olub.
C qrupunda "Bavariya" doğma meydanda "Qarabağ"ın pley-of mərhələsindəki rəqibi "Viktoriya" Plzen ilə qarşılaşıb. Gözlənildiyi kimi görüşə Münhen klubu daha üstün başlayıb. 7-ci dəqiqədə Leroy Sane yerli azarkeşləri coşdurub. 6 dəqiqə sonra Serj Qnabri fərqi iki topa çatdırıb. Çox keçmədən Sadio Mane rəqibi üçüncü dəfə mərkəzə dəvət edib. Fasilədən sonra da fəallığı ilə seçilən "Bavariya" futbolçuları daha 2 qol vurublar. 50-ci dəqiqədə Leroy Sane dubl edərək ardıcıl ikinci matçda 3-cü qolunu vurub. Yekun nəticəni isə Erik Şupo Motinq müəyyənləşdirib. O, Leon Qoretskanın ötürməsini qolla tamamlayıb. "Bavariya" - "Viktoriya" Plzen 5:0.
Günün mərkəzi matçı isə İtaliyada - Cuzeppe Meatsa stadionunda keçirilib. Burada C qrupunun favoritlərindən "İnter" və "Barselona" kollektivləri üz-üzə gəliblər. 24-cü dəqiqədə "İnter"in heyətindən Nikolo Barella fərqlənsə də VAR-a baxan hakim qolu qeydə almayıb. Buna baxmayaraq ilk hissəyə artırılan dəqiqələrdə meydan sahibləri hesabı açıb. Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu uzaqdan qüvvətli zərbə ilə topu qapıdan keçirib. "Barselona" futbolçuları ikinci hissədə rəqib qapısına yol tapsa da hakim bu dəfə də qolu saymayıb. Sona qədər məharətlə müdafiə olunan "İnter" qapısını toxunulmaz saxlayaraq qələbə qazanıb. "İnter" - "Barselona" 1:0.
3 turdan sonra "Bavariya" 9 xalla C qrupuna başçılıq edir. Aktivinda 6 xalı olan "İnter" ikincidir. "Barselona" 3 xalla 3-cü yerdə qərarlaşıb. Xalsız qalan "Viktoriya" Plzen isə sonuncudur.