İtaliya  A seriyasında 8-ci tur keçirilir. Yeni mövsümdə qeyri-sabit təsir bağışlayan “Yuventus” 3 oyundan sonra qələbə qazanıb. “Ağ-qaralar” doğma meydanda “Bolonya”nı məğlubiyyətə uğradıblar. “Qoca sinyora” 3 xalı 3 qolla qazanıb. 24-cü dəqiqədə Filip Kostiç fərqlənərək “Yuventus”un heyətində qol hesabını açıb. Fasilədən sonra isə Duşan Vlahoviçlə Arkadiuş Milik qonaqları cəzalandırıblar.

“Latsio” “Spetsiya”nın qapısından 4 top keçirib. Mattia Dzakkanyi, Alessio Romanyoli qonaqların qapısına yol tapıb. Bundan başqa Sergey Milinkoviç Saviç dubl edib.

8-ci turun diqqət çəkən oyunlarından daha bir “Atalanta” və “Fiorentina” komandaları arasında olub. Görüşün taleyini 1 qol həll edib. 59-cu dəqiqədə Ademola Lukmanın vurduğu qol Berqamo klubuna qələbə qazandırıb. Hazırda 20 xalı olan 2 kollektiv “Napoli” və “Atalanta” yarış cədvəlində irəlidə gedir. “Latsio” 17 xalla 3-cü sıradadır.