Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak edib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov Azərbaycanda şahmat ənənələrinin əsasının Ulu  Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin şahmatın inkişafına böyük diqqət göstərdiyini bildirib. FİDE prezidenti Arkadi Dvorkoviç Naxçıvanda şahmatın inkişafı üçün yaradılan yüksək şəraitdən məmnunluğunu ifadə edib Burada kifayət qədər istedadlı şahmatçıların yetişdiyini deyən Dvorkoviç turnirin yüksək  təşkilatçılığına görə minnətdarlığını bildirib. Azərbaycan Şahmat Federasiyasının  prezidenti Mahir Məmmədov respublikamızın dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanındığını söyləyib. O, bir neçə gün əvvəl mədəniyyət paytaxtımız Şuşada ilk beynəlxalq şahmat turnirinin keçirildiyini catırladıb. Mahir Məmmədov 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadasının yarışın  tarixində ən uğurlu turnirlərindən biri olduğunu deyib.

Daha sonra Olimpiadanın baş hakimi yarışın qaydaları barədə məlumat verib, həmçinin püşk atılıb.  Mərasim bədii hissə ilə davam edib.  Qeyd edək ki, 23 ölkənin qatıldığı Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan 6 komanda ilə - “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”, “Azərbaycan-Naxçıvan” və “Sumqayıt “la təmsil olunur. Yarış oktyabrın 10-da başa çatacaq..