Ölkə çempionatının 8-ci turunda yüksək pillələr uğrunda yarışan “Sabah” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. İlk hissədə tərəflər bir-birinin müqavimətini qırmağa çalışsa da səyləri nəticəsiz qalıb. Fasilədən sonra üstünlüyü bir qədər də artıran “Sabah” yekunda istəyinə nail olub. Əsas vaxta artırılan 2-ci dəqiqədə cərimə zərbəsindən ötürülən topu Abdulaye Ba birbaşa qapıya vuraraq komandasına vacib 3 xalı qazandırıb: “Şamaxı” – “Sabah” 0:1.
“Sumqayıt” isə yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxıb. Gənclik şəhəri təmsilçisi çempionatın son pillələrində yer alan “Kəpəz”lə üz-üzə gəlib. 44-cü dəqiqədə “Kəpəz” futbolçuları irəli keçmək üçün əla fürsət əldə etsə də, Georgi Kantarianın zərbəsini qapıçı Aydın Bayramov dəf edib. Təkrar cəhddə isə futbolçu topu qapının üstündən vurub. 90 dəqiqə ərzində tərəflər qapılar önündə bir neçə epizodda təhlükəli vəziyyət yaratsa da hesab açılmayıb. 0:0.
Beləliklə, 8 turdan sonra yarış cədvəlinə 21 xalı olan “Qarabağ” başçılıq edir. “Sabah” 19 xalla ikinci pillədədir. Aktivində 18 xalı olan “Neftçi” isə ilk üçlüyü tamamlayır.