Avstraliyada qadın basketbolçuların dünya çempionatının qrup mərhələsi başa çatıb. A qrupunda keçirilən son turda  Amerika Birləşmiş Ştatları millisi autsayder Bosniya və Herseqovina yığmasını 121:59 hesabı ilə məğlub edərək qrupu maksimum nəticə ilə başa vurub. Oyunun ən məhsuldar basketbolçusu 20 xal və 7 məhsuldar ötürmə ilə yadda qalan Amerika millisinin üzvü Kelsi Plam olub.

Günün ən prinsipial görüşündə Puerto Riko ilə Cənubi Koreya basketbolçuları üz-üzə gəlib. Bu oyunda qalib gələn komanda ¼ finala vəsiqə qazanancaqdı. Artıq ilk hissədə təşəbbüsü ələ alan puerto rikolular sona qədər üstünlüyünü qoruyub saxlayaraq pley-offa yüksəlib: Puerto Riko – Cənubi Koreya 92:73. Qrupda keçirilən digər oyunda Çin seçməsi Belçika komandasını 81:55 hesabı ilə məğlub edib.  

B qrupunda isə meydan sahibi Avstraliya millisi Yaponiya komadasını 71:54 hesabıyla məğlub edib. İlk 3 oyununda yalnız 1 qələbə qazanan Serbiya seçməsi isə son turlarda azarkeşlərini sevindirə bilib. Ötən tur Mali kollektivindən üstün olan serblər bu dəfə amerikalı üzvü İvon Andersonun məhsuldar oyunu sayəsində Fransa komandasının müqavimətini qıra bilib. Fransanın “Burj” komandasının basketbolçusunun 18 xal topladığı oyunda Serbiya millisi rəqibini 6 xal fərqi ilə məğlub edib: Serbiya – Fransa 68:62.

Kanada yığması isə çempionatın autsayderi Mali kollektivini 88:65 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qrupda hərəyə 9 xal toplayan Avstraliya və Kanada milliləri ilk iki pilləni tutub. Hərəyə 8 xal toplayan Serbiya ilə Fransa yığmaları 3 və 4-cü yerlərdən pley-offa yollanıb.

 Sabah keçiriləcək ¼ finalda  Belçika – Avstraliya, Çin – Fransa, Puerto Riko – Kanada və Amerika Birləşmiş Ştatları – Serbiya oyunları olacaq