UEFA Millətlər Liqasında A divizionunun 3-cü qrupunda mübarizəyə yekun vurulub. Liderlik baxımından mühüm əhəmiyyət kəsb edən matçda İtaliya futbolçuları Macarıstan millisinin qonağı olublar. Avropa çempionları sensasiyaya imkan verməyiblər. 27-ci dəqiqədə Cakomo Raspadori hesabı açıb. 52-ci dəqiqədə isə Federiko Di Marko görüşdə son nöqtəni qoyub:  Macarıstan – İtaliya 0:2. Beləliklə apenninlilər 11 xalla 3-cü qrupu lider kimi başa vurublar. Macarıstan millisi 10 xalla 2-ci olub.

B divizionuna düşəcəyi dəqiqləşən İngiltərə yığması isə "Uembli"də sonuncu görüşdə Almaniya komandasını qəbul edib. Qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib. Maraqlıdır ki, bütün qollar fasilədən sonra vurulub. 52-ci dəqiqədə İlkay Gündoğan penaltini dəqiq yerinə yetirərək qonaqlara üstünlük qazandırıb. 67-ci dəqiqədə Kay Haverts bundestimin 2-ci qolunun müəllifi olub. Lakin İngiltərə futbolçuları qısa vaxt ərzində tarazlığı bərpa ediblər. Lük Şou 72, Meyson Maunt 75-ci dəqiqədə yerli azarkeşləri sevindirib. Son 10 dəqiqə də gərgin mübarizə şəraitində keçib. 83-cü dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirərək meydan sahiblərini önə çıxarıb. Lakin ingiltərəlilər sərfəli hesabı qoruya bilməyiblər. Vaxtın yekunlaşmasına 3 dəqiqə qalmış Kay Haverts yekun nəticəni müəyyənləşdirib: İngiltərə - Almaniya 3:3. Beləliklə 3-cü qrupda Almaniya futbolçuları İtaliya və Macarıstan komandalarından sonra 7 xalla 3-cü olub. B divizionuna düşən İngiltərə seçməsi isə qrupu 3 xalla tamamlayıb.