Boks üzrə Azərbaycan çempionatı başa çatıb

28 Noyabr, 16:00 Sosial mediada paylaşın:
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 8 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.  
 
Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov (91 kq) və Asəf Aslanlı (+91 kq) çempion tituluna sahib olublar. Dünya çempionu Cavid Çələbiyev birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmetov ən gənc boksçu adına sahib olub.  
 
Turnirin komanda hesabında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (2-5-3) birinci yeri tutub. İkinci pilləyə “Sədərək” İK (2-1-3) yiyələndiyi halda, “üçlüy”ü “Qəbələ” İK (1-1-0) qapayıb.   Çempionatda Anar Nağdıyev ən yaxşı hakim seçilib.   Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

CANLI YAYIM