Ronaldo əvəzlənməsinə etiraz edib, Sarri dəyişikliyin səbəbini açıqlayıb

11 Noyabr, 11:25 Sosial mediada paylaşın:
İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə “Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştianu Ronaldonu əvəzləməsinə aydınlıq gətirib.
 
İtaliyalı mütəxəssis matçın 55-ci dəqiqəsində portuqaliyalı hücumçunun yerinə qələbə qolunun müəllifi olan Paulo Dibalanı buraxmasını bu cür şərh edib: “Ronaldo oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”.
 
Sarri ardıcıl ikinci oyunda Ronaldonu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada “Lokomotiv”i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldonu meydandan alıb.
 
Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, “Lokomotiv”lə matçda baş məşqçinin əlini sıxmayıb, “Milan”la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.
 
Qeyd edək ki, Ronaldo sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib.

CANLI YAYIM