Çempionlar Liqası: 3 klub 1/8 finala yüksəlib, "Qalatasaray" mübarizəni dayandırıb

7 Noyabr, 12:23 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.  
 
Turun ikinci oyun günündə 3 komanda 1/8 finala vəsiqəni təmin edib. Bunlar Fransa PSJ-si, Almaniya "Bavariya"sı və İtaliya "Yuventus"udur.  
 
A qrupunda yer alan PSJ Belçika "Brügge"si üzərində 1:0 hesablı qələbə sayəsində xallarını 12-yə çatdırıb və mərhələ adlayıb. Qrupun digər matçında Türkiyə "Qalatasaray"ı İspaniyada "Real Madrid"ə 0:6 hesabı ilə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.  
 
"Bavariya" B qrupunda Yunanıstan "Olimpiakos"u üzərində 2:0 hesablı qələbə sayəsində yoluna davam edib. Qrupun digər matçında İngiltərə "Tottenhem"i Serbiyada "Srvena Zvezda"nı 4:0 hesabı ilə darmadağın edərək, 1/8 finala daha bir vəsiqəni verən 2-ci pillədə möhkəmlənib.  
 
C qrupunda hər iki oyun heç-heçə ilə bitib. Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə görüşdə məğlubiyyətdən uzatma dəqiqələrində vurduğu qollarla qurtulub. İngiltərənin "Mançester Siti" klubu isə İtaliyada "Atalanta" ilə qarşılaşmada qələbəni əldən verərək, 1/8 finala vəsiqə imkanını qalan 2 tura saxlayıb. Meydan sahibləri isə ilk xalı əldə edib.  
 
D qrupunda İtaliya "Yuventus"u Rusiyanın paytaxtı Moskvada "Lokomotiv"lə görüşdə qələbəyə uzatma dəqiqələrində nail olub - 2:1. Almaniya "Bayer"i isə qrupda ilk qalibiyyətini İspaniya "Atletiko"su üzərində eyni hesabla qazanıb.

CANLI YAYIM