Teymur Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başlayıb

6 Noyabr, 13:05 Sosial mediada paylaşın:
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub.
 
32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla üz-üzə gəlib.
 
İlk görüşdə heç-heçə qeydə alınıb - 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün "tay-breyk" olacaq. 
 
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək. 
 
Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.