"Dakar" ralllisi başa çatıb

15 Yanvar, 12:34 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “Dakar” rallisi başa çatıb. Yarışın 12-ci günündə azarkeşlər motosikletçilər arasında gərgin mübarizənin şahidi olub. “Honda”nın üzvü Pablo Kintanilya finiş xəttini 1 saat 40 dəqiqəyə keçərək yarışı birinci yerdə tamamlayıb. Ondan 5 saniyə geri qalan komanda yoldaşı Rikki Brabek 2-ci olub. KTM komandasının motosikletçisi Tobi Prays isə fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Bu komandanın aparıcı üzvü Sem Sanderlend isə ümumilikdə 38 saat 47 dəqiqə 30 saniyəlik göstərici ilə karyerasında ikinci dəfə “Dakar”da çempion olub. O, 2017-ci ildə də eyni uğurla yadda qalmışdı.
Minik avtomobillərinin pilotları arasındakı mübarizədə isə sonuncu gündə “Toyota”dan Henk Lateqan uğur qazanıb. O, finiş xəttini 1 saat 35 dəqiqə 19 saniyəyə qət edib. “Audi”dən Stefan Peteransellə “Century Rasing”dən Brayan Baraqvanat isə müvafiq olaraq 2-3-cü yerləri tutub. “Toyota”nın qətərli lideri Nasser Əl-Attiyə isə ümumilikdə 38 saat 33 dəqiqə 3 saniyəlik göstərici ilə karyerasında 4-cü dəfə “Dakar” marafonunun qalibi olub.
Yük avtomobillərinin pilotları arasında yarışda “Kamaz” komandası ardıcıl 6-cı dəfə çempionluq sevinci yaşayıb. Yarışın sonuncu günündə Dmitri Sotnikov 1 saat 42 dəqiqə 41 saniyəyə finiş xəttini birinci keçməklə yanaşı həm də marafonun qalib olub. O, ümumilikdə 41 saat 37 dəqiqə 34 saniyəlik göstərici ilə yadda qalıb. Xatırladaq ki, Sotnikov ötən il də “Dakar” rallisinin qalibi olmuşdu.

CANLI YAYIM