"Mersedes"lə "Red Bull" son yarışa hazırdır

7 Dekabr, 13:40 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanı Qran-prisində Lüis Hemiltonun qələbə qazanması Formula 1-də çempionluq uğrunda intriqanı daha da kəsərli etdi.
Beləliklə də “Mersedes” pilotu xal hesabında Maks Ferstappenə çatdı. Həftəsonu Əbu Dabidə keçiriləcək çempionatın son yarışında Formula 1 həvəskarları gərgin mübarizənin şahidi olacaq. Amma hər iki komandanın rəhbərliyi narahatdır. Xüsusən də bu narahatlıq“Mersedes”in düşərgəsində daha qabarıq görünür. Maks Ferstappenin bolidini çılğın idarə etməsi britaniyalı pilot üçün təhlükə mənbəyidir. Bunu Səudiyyə Ərəbistanı Qran-prisində də gördük. Amma “Mersedes”in icraçı direktoru Toto Volff BƏƏ-dəki yarışdan əvvəl təmkinliliyini qorumağa çalışır: “Doğrusu, Ciddədəki trassın “Red Bull”a daha uyğun olduğunu düşünürdük. Amma həftəsonu keçirilən yarışda bizim bolidlər daha xoş təsir bağışladı. Əbu-Dabidə vəziyyətin necə olacağını deyə bilmərəm. Əsas odur ki, sonuncu yarışda hər iki komandanın pilotu eyni xalla mübarizəyə başlayacaq. Belə bir çempionatı izlədiyimizə görə bəxtimiz gətirib. Ümid edirəm ki, sonda sevinən tərəf biz olacacağıq”.“Red Bull”un rəhbəri Kristan Horner də son yarışa hazır olduqlarını söyləyib: “Əlbəttə, həyəcanlıyıq. Hansı pilotun çempion olacağı bizə çox maraqlıdır. Yarışı trassda qazanmaq istəyirik. Rəqibə tələ qurmaq fikrində deyilik. Mövsüm boyunca fantastik mübarizənin şahidi olmuşuq. Ümid edirəm ki, Əbu-Dabidə ədalətli və təmiz mübarizənin şahidi olacağıq”.

CANLI YAYIM