Hemilton Ferstappenə çatdı

6 Dekabr, 15:01 Sosial mediada paylaşın:
Tarixdə ilk dəfə keçirilən Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisi başa çatıb.
Şənbə günü təsnifat mərhələsinin qalibi olan Lüis Hemilton bu dəfə də ən yaxşı nəticə ilə yadda qalıb. Hərçənd “Mersedes” pilotu finiş xəttini keçənə qədər çətinliklə üzləşib. Yarışın gedişində əsas rəqibi Maks Ferstappenlə toqquşan Lüisin bolidinin ön hissəsinə ziyan dəyib. Bütün bunlara baxmayaraq, rəqibini geridə qoymağı bacaran britaniyalı pilot ardıcıl 3-cü Qran-prinin qalibi olub. 7 qat dünya çempionu 50 dövrəni 2 saat 6 dəqiqə 15 saniyəyə qət edib. Yarışın 43-cü dövrəsində gözlənilmədən Hemiltonu özündən irəli buraxan Ferstappen 2-ci yeri tutub. “Red Bull” pilotu Lüisdən 11 saniyə geridə qalıb. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə 3-cü olub. Yarış həmçinin 2 dəfə qəza nəticəsində yarımçıq saxlanılıb. Əvvəlcə “Haas” pilotu Mik Şumaxer trassın kənarındakı maneəyə çırpılıb. Daha sonra Serxio Pereslə Şarl Leklerin bolidləri toqquşub. İrəlidə qəza vəziyyətini görən Corc Rassel əyləci basanda isə Nikita Mazepin bolidi onun maşına toxunub. Nəticədə pilotlar mübarizəni dayandırıb.Ciddədəki Qran-pridə qalib gələn Lüis Hemilton 369,5 xal toplayaraq bu göstəricidə Ferstappenə çatıb. Amma qələbə sayında britaniylı pilot niderlandlı rəqibindən geri qaldığına görə hələ də ikinci sıradadır. Mühəndislər Kubokunda isə “Mersedes” 587,5 xalla liderliyini möhkəmlədib. Mövsümün son yarışı həftə sonu Birləşmiş Ərəb Əmirliklərində keçirikəcək.

CANLI YAYIM