"Mançester Yunayted"in məşqçi axtarışları davam edir

24 Noyabr, 15:03 Sosial mediada paylaşın:
Ole Qunnar Sulşerin istefasından sonra “Mançester Yunayted”in məşqçi axtarışları davam edir. İngiltərə mətbuatının məlumatına görə, mümkün variantlar arasında PSG-nin baş məşqçisi Maurisio Poçettinonun təyinatı daha real görünür. Hərçənd 49 yaşlı mütəxəssis mətbuata açıqlamasında Parisdə özünü xoşbəxt hiss etdiyini və mankunyanlarla heç bir anlaşma əldə etmədiyini söyləyib. Elə Fransa mətbuatı da son günlər əsasən bu məsələni müzakirə edir. Bəzi mənbələrin yazdığına görə Poçettinonun gedəcəyinə görə narahat olan Paris klubunun rəhbərliyi artıq Zinəddin Zidanla danışıqlara başlayıb. Məsələ ondadır ki, elə “Mançester Yunayted”in Maurisio Poçettino variantı ortaya atılmazdan əvvəl fransalı mütəxəssisin İngiltərəyə gələcəyi müzakirə olunurdu. Amma Zidan mövsümün gedişində “qırmızı şeytanları” çalışdırmağın əleyhinə çıxıb.
Yeri gəlmişkən, Poçettino ilə yanaşı, bəzi mütəxəssislərin də mankunyanların diqqətində olduğu haqda söhbətlər dolaşır. Bu variantlar arasında “Ayaks”ın baş məşqçisi Erik Ten Haqın adı daha çox çəkilir. Bununla yanaşı, İspaniya millisinin baş məşqçisi Luis Enrikenin də bu posta gətirilə biləcəyini söyləyənlər var. Artıq “Barselona”nın sabiq baş məşqçisi Ernesto Valverdenin də adı bu siyahıya salınıb. Yeri gəlmişkən, son illər “Mançester Yunayted”in məşqçi seçiminə təsir göstərən klubun sabiq çalışdırıcısı Aleks Ferqyuson artıq bu işlə məşğul olmur. Hazırdı klubun idman direktoru Con Martonla texniki direktoru Darren Fletçer namizədlərlə danışıqlar aparır.

CANLI YAYIM