Millimizin rəqibləri müəyyənləşdi

3 Oktyabr, 12:27 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri bəlli olub. Yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda komandamız A qrupunda yer alacaq.
 
Millimiz ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. 
 
 Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək. 
 
Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.

CANLI YAYIM