Azərbaycan boksçusu Alfonso Dominqes dünya çempionatının qalibi olub

6 Noyabr, 10:20 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında Azərbaycan boksçusu Alfonso Dominqes qızıl medal qazanıb.
86 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi finalda braziliyalı Keno Maçadonu məğlub edib. Rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanan bokçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, təşkilatçılar tərəfindən 100 min dollar mükafata və çempion üçün xüsusi kəmərə də sahib olub.
“Tokio-2020”nin bürünc medalçısı həlledici görüşədək AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev və kubalı Ruis Kordobanı məğlub edib.
Beləliklə, Azərbaycan milli komandası dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Bundan əvvəl təmsilçilərimiz Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 88 ölkədən 510 boksçunun mübarizə apardığı dünya çempionatına sabah yekun vurulacaq.

CANLI YAYIM