Cəfərov finala yüksəldi, Quluzadə bürünc medal qazandı

3 Noyabr, 09:18 Sosial mediada paylaşın:
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.
İkinci yarış günündə - noyabrın 2-də 2 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Güləşçimiz Həsrət Cəfərov (67 kq) debütdə meksikalı rəqibini məğlub edib. H.Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək dörddəbir finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan güləşçimiz adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımızın rəqibi Məhəmməd Rezayi (İran) olacaq.
Mübarizəyə ikinci mərhələdən qoşulan yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən, İran təmsilçisinə uduzub.
Rəqib finala yüksəldiyi üçün N.Quluzadə noyabrın 2-də təsəlliverici görüşə çıxıb. Ukrayna təmsilçisinə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb. Üçüncü yer uğrunda görüşdə idmançımız ABŞ təmsilçisi Teylor La Monta qalib gələrək U-23 dünya çempionatının bürünc medalına sahib olub.

CANLI YAYIM