Azərbaycan güləşçisi Rafiq Hüseynov Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasında liderliyə yüksəlib

14 Oktyabr, 12:30 Sosial mediada paylaşın:
Norveçdə keçirilmiş dünya çempionatından sonra Dünya Güləş Birliyi (UWW) reytinq sıralamasını yeniləyib. Yunan-Roma güləşində Rafiq Hüseynov dünya çempionu olduğu 82 kq çəki dərəcəsində liderliyə yüksəlib. 33 yaşlı pəhləvan 70 xalla reytinqə başçılıq edir. Hüseynov ən yaxın izləyicisi Adlan Akiyevi (Rusiya) 9 xal qabaqlayır və əvvəlki siyahı ilə müqayisədə 23 pillə irəliləyib. Güləşin bu növündə Azərbaycanın daha üç təmsilçisi ilk "10-luq"da yer alıb. 55 kq-da Eldəniz Əzizli 39 xalla ilk "3-lüy"ü qapayır. Osloda bürünc medal qazanmış güləşçi 4 pillə irəliləyib. 63 kq-da Taleh Məmmədov 6-cı mövqedən 3-cü yerə yüksəlib. Təcrübəli pəhləvanın hesabında 38 xal var. Sənan Süleymanov isə 77 kq-da böyük sıçrayış edib. Dünya çempionatında gümüş medal əldə etmiş idmançı xal ehtiyatını 58-ə çatdırmaqla 15-ci pillədən 3-cü sıraya yüksəlib. Sərbəst güləşdə millinin 4 üzvü öz çəkilərində ilk "10-luq"dadır. Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal əldə etmiş Hacı Əliyev 65 kq-da 3-cü yerdən 6-cı pilləyə enib. Səbəb 44 xala malik titullu idmançının mundialı buraxmasıdır. Norveçdəki yarışda medalın bir addımlığında dayanmış Turan Bayramov 70 kq-da iki həmkarını geridə qoyaraq 4-cü yerə yüksəlib. Gənc güləşçinin hesabında 38 xal var. Abubakr Abakarov 86 kq-da böyük irəliləyişə nail olub. Hazırda 25 xalla ilk "10-luğ"u qapayan legionerin əvvəlki mövqeyi 33-cü pillə idi. Osman Nurməhəmmədov isə 92 kq-da 11-ci pilləni 3-cü yerlə əvəzləyib. Dünya üçüncüsü 39 xala malikdir. Qadın güləşində Mariya Stadnik 50 kq-da bir pillə geriləyib. Millinin lideri 60 xalla 3-cü pillədə qərarlaşıb. Elis Manalova isə 68 kq-da 22 xalla ilk "10-luğ"u qapayır. Qeyd edək ki, Oslodakı dünya çempionatı 2 - 10 oktyabrda gerçəkləşib.

CANLI YAYIM