"Aston Martin" növbəti mövsüm üçün heyətini açıqlayıb

17 Sentyabr, 16:18 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Aston Martin” komandası növbəti mövsüm üçün heyətini təsdiqləyib.
Bəzi mətbuat orqanları komandada dəyişiklik ediləəcəyini yazsa da, britaniyalılar islahatlara getmək qərarından daşınıb. Daha doğrusu, komandanın sahibi Lourens Stroll dəyişiklik etməyə ehtiyac duymayıb. Bir neçə gün əvvəl mətbuata açıqlama verərək Sebastyan Fettellə vidalaşmayacağını söyləyən komandanın rəhbəri sözünün üstündə durub. Xatırladaq ki, 4 qat dünya çempionu  “Ferrari”dən ayrılandan sonra Britaniya komandası ilə 1+1 illik müqavilə imzlamışdı. Sebastyanın çıxışından razı qalan rəhbərlik müqaviləni qüvvədə saxlayıb. Fettelin  bu mövsüm ən yaxşı nəticəsi isə Azərbaycan qran-prisində 2-ci yeri tutmaq olub.  Yeri gəlmişkən, komandada qalacağı təsdiqlənəndən sonra mətbuata açıqlama verən almaniyalı pilot iddialı danışıb: “Yeni texniki reqlament imkanlarımızdan maksimum istifadə etməyə bizə imkan verəcək. Yeni mövsümü səbirsiliklə gözləyirəm. Həm pilotlar, həm də azarkeşlər gərgin keçəcək yarışlardan həzz alacaq. O qədər böyük dəyişikliklər olacaq ki, hər şey 0-dan başlanacaq. Bu da “Aston Martin” üçün şans olacaq.  Mən komandamın gücünə inanıram”. Yeri gəlmişkən, Fettellə yanaşı komandanın sahibi Lourensin oğlu Lens Stroll da “Aston Martin”də yerini qoruyub. Ümumiyyətlə, kanadalı pilot “Reysinq Point” adlanandan bəri bu komandada çıxış edir.
“Aston Martin” növbəti mövsüm üçün planlarını açıqlasa da, Monako Qran-prisinin taleyi hələ də sual altındadır. Məsələ ondadır ki, Monte Karlo avtodromunda keçirilən yarışın təşkilat komitəsi ilə Formula 1 arasında yeni müqavilə imzalanmayıb. Qüvvədə olan sözləşmənin müddəti isə mövsümün sonunda başa çatır. Yeni müqavilə imzalanmasa, Monakonu Mayami Qran-prisi əvəzləyə bilər.

CANLI YAYIM